Ermənistanda hakimiyyət dəyişikliyi mümkündür?| Seçkinin açarı İrəvanda görünür

2026/04/1776493606.jpg
Oxunub: 547     11:55     22 Aprel 2026    
“Ermənistan çoxdan seçki prosesinə daxil olub. Qanunvericiliyə görə, rəsmi təbliğat kampaniyasına mayın əvvəlində start veriləcək, lakin əsas siyasi qüvvələr artıq prosesə qoşulublar”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “7or.am” nəşri “Parlament seçkilərinin nəticəsi harada həll olunacaq? Nikolun və digərlərinin taktikasından bəhs edilir” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, internet və efirlər siyasi reklamlarla doludur.

“Siyasi qüvvələr səfərlər təşkil edir. Hamı insanlarla ünsiyyət quran, sadə vətəndaşın dərdi ilə yaşayan, küçədə gəzən və sair obrazına girib.

Aydındır ki, seçkiqabağı mərhələ müəyyən davranış və fəallıq tələb edir. Təbii olaraq siyasi qüvvələr də tələbatı nəzərə alaraq fəallaşırlar.

Məsələ Nikol Paşinyanın necə uzaqlaşdırılacağındadır”, - deyə müəllif qeyd edib.

Nəşr bildirib ki, nikolçu olmayan heç bir qüvvənin 50 və daha artıq faiz toplamaq imkanı yoxdur.

“50 plus” barədə bəyanatlar sırf təbliğat xarakterlidir, bunun altında əsas yoxdur. Başqa məsələ ondadır ki, parlament seçkilərində keçid həddini aşmaq imkanı olan, nikolçu olmayan qüvvələr daha çox səs toplayaraq yekunda birlikdə “50 plus” əldə edə bilərlər.

Cəmiyyətin böyük əksəriyyəti hakimiyyət dəyişikliyi istəyir. Bir hissə bunu daha aqressiv formada, digər hissə isə sakit şəkildə istəyir. Amma hamı Nikol Paşinyandan qurtulmaq istəyir. O da bunu bilir və buna görə sözün həqiqi mənasında magistrala çıxıb.

Nikol Paşinyanın taktikası

Nikol Paşinyan bilir ki, İrəvanda və iri şəhərlərdə onun səsi çox aşağıdır”, - deyə məqalədə qeyd edilib.

Müəllif yazıb ki, Nikolun səsləri kəndlərdə və 65+ yaş qrupundadır.

“Elə buna görə də o, məqsədli şəkildə məhz həmin təbəqələrlə işləyir. O faktiki olaraq dövlət vəsaiti hesabına seçki rüşvəti paylayır. İlin ortasında dövlət büdcəsində nəzərdə tutulmayan pensiya artımı seçki rüşvətidir. Dövlət borcunun artırılması hesabına səhiyyə sığortası sisteminin tətbiqi də seçki rüşvətidir. Əlbəttə, yaşlı insanların yardım alması yaxşıdır, lakin bunun açıq şəkildə seçki məntiqi ilə edildiyi görünür.

Nikolun taktikasının digər hissəsi aşağı seçici fəallığıdır. O, inzibati və digər qanunsuz resursların tətbiqi ilə çox konkret səslər toplayacaq. Həmin səslərin maksimum sayı 400-450 min aralığında dəyişir. İştirak az olsa, bu rəqəmlər yüksək faiz təşkil edəcək və əksinə. Buna görə də Nikol üçün təxminən 1 milyon səviyyəsində iştirak sərfəlidir ki, ətrafda səpələnmiş səslərin ümumi hesabı ilə “50 plus” təmin edə bilsin.

Nikolçu olmayan qüvvələrin taktikası

Yuxarıda qeyd olunan Nikolçu taktika artıq göstərir ki, Nikolçu olmayan qüvvələr hansı taktikanı seçməlidirlər. Yüksək seçici fəallığını təmin etmək onların əsas işi olmalıdır”, - deyə müəllif vurğulayıb.

Nəşr qeyd edib ki, 1 milyon 250 mindən artıq istənilən iştirak hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq.

“Gümrü-2” əməliyyatı yalnız yüksək iştirak halında mümkündür.

İrəvan uğrunda mübarizə

Hər şeydən görünür ki, seçkinin nəticəsi əsasən İrəvanda həll olunacaq. Gümrü, Vanadzor, Üçmüədzin, Kavər və Qafan səsvermələrinin nəticələri də böyük rol oynayacaq. Amma təkrar edirəm, məsələ İrəvanda həll olunacaq.

Nikolçu olmayan qüvvələrdən yalnız “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan kəndlərdə Nikol Paşinyanla rəqabət apara bilər. Digərləri Nikolun şəhərlərdə rəqibidir. Konkret olaraq İrəvanda isə hamı səs qazanmağa çalışacaq. Lakin irəvanlı seçici lider, komanda, proqram və siyasi xətt görməsə, yüksək iştirak təmin etməyəcək ki, bu da seçkinin nəticəsinə ciddi təsir göstərəcək”, - deyə məqalədə bildirilib.

Müəllif yazıb ki, proqnozlara görə, İrəvanda seçkilərdə 450-500 min seçici iştirak edəcək.

“Nikol həmin səslərin maksimum üçdə birinə iddia edə bilər. Üçdə iki hissə Nikolçu olmayan qüvvələrindir. Məsələ ondadır ki, İrəvanın tələbkar seçicisi öz zövqünə və üslubuna uyğun təklif almalıdır. Əgər bu baş verməsə, seçkidə aşağı iştirak olacaq və bu, çox pis nəticələrə gətirib çıxaracaq.

İrəvanda bütün qüvvələr müəyyən qədər səs toplayacaq. Məsələ ondadır ki, əsas Nikolçu olmayan qüvvələr nə qədər səs yığacaq.

Bir sözlə, İrəvan uğrunda mübarizə gözlənilir. Seçkinin və Ermənistanın taleyi İrəvanda həll olunacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin